Sual: Peşə məktəblərində və kolleclərdə təhsilalanlar Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq üçün müraciət edə bilər?
Cavab: Tam orta təhsili başa vurmuş (tam orta təhsil haqqında attestatı olanlar) peşə məktəblərinin məzunları, kolleclərin sonuncu kursunda təhsilalanlar Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq üçün müraciət edə bilərlər.
Sual: Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alan kursantlar üçün təhsil müddətində ödənilən birdəfəlik və aylıq ödəmələr nə qədərdir?
Cavab: “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Heydər Əliyev adına Hərbi İnstitut üzrə:
500 (beş yüz) manat məbləğində birdəfəlik ödəmə;
150 (yüz əlli) manat məbləğində aylıq təqaüd;
200 (iki yüz) manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım;
200 (iki yüz) manat məbləğində hesabda yığılan aylıq ödəniş.
Sual: Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alan kursantlar üçün yaş həddi neçədir?
Cavab: Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli, zabit rütbəsi olmayan hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.
Sual: Heydər Əliyev adına Hərbi İnstituta qəbul prosesi necə həyata keçirilir?
Cavab: Namizədlərin Heydər Əliyev adına Hərbi İnstituta qəbulu, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilmiş imtahanda əldə etdikləri nəticələrə əsasən həyata keçirilir.
Sual: Heydər Əliyev adına Hərbi İnstituta qəbul olmaq üçün minimum keçid balı nə qədərdir?
Cavab: Qəbul ilində təhsil müəssisələrinin ehtiyaclarına uyğun olaraq qəbul balı dəyişə bilər.
Sual: Heydər Əliyev adına Hərbi İnstituta hansı ixtisas qrupları üzrə sənəd qəbulu həyata keçirilir?
Cavab: Heydər Əliyev adına Hərbi İnstituta sənəd qəbulu I, II və III ixtisas qrupları üzrə aparılır.
Sual: Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alan şəxslər müddətli həqiqi hərbi xidmətə cəlb olunur?
Cavab: Heydər Əliyev adına Hərbi İnstitutdan məzun olmuş şəxslər müddətli həqiqi hərbi xidmət keçməkdən azad olunurlar.
Sual: Heydər Əliyev adına Hərbi İnstituta qəbul olan kursant təhsilini xarici ölkədə davam etdirə bilər?
Cavab: Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alan kursant təhsil müəssisəsinə qəbul balı və öz istəyi nəzərə alınaraq Türkiyə, İtaliya, Koreya Respublikalarının və Rusiya Federasiyasının hərbi təhsil müəssisələrində təhsilini davam etdirə bilər.
Sual: Heydər Əliyev adına Hərbi İnstitutda l, ll və lll ixtisas qruplarına uyğun olaraq hansı mülki ixtisaslar üzrə təhsil verilir?
Cavab: Heydər Əliyev adına Hərbi İnstitutda aşağıdakı ixtisaslar üzrə tədris aparılır:
l ixtisas qrupu üzrə:
Sistemlər mühəndisliyi;
Aerokosmik mühəndislik;
Elektrik və elektronika mühəndisliyi;
Radiotexnika və telekommunikasiya mühəndisliyi;
Mexanika mühəndisliyi.
ll ixtisas qrupu üzrə:
Menecment.
lll ixtisas qrupu üzrə:
Beynəlxalq münasibətlər;
Tarix.
|